3:27 pm - Tuesday January 23, 2018

31 mart azərbaycanlıların soyqırımı günüdür

31-mart-soyqirimiTarixdə çox döyüşlər, müharibələr olmuşdur.Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub.Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı  bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir. Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.”Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir.

 Xalqımız sovet hakimiyyəti illərində beynəlmiləlçilik  ruhunda tərbiyə olunduğundan əbədi düşmənimiz olan ermənilərin törətdikləri dəhşətli faciələr unudulmuşdur.Hətta olanları yaddaşımızdan silmək üçün indiki Şəhidlər Xiyabanı olan böyük ərazidəki Çəmbərəkənd qəbiristanlığı köçürülmüş, yerində böyük bir park salınmışdı. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər, qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdır.1918-ci ilin mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər, xüsusilə də Cəfər Cabbarlının və Mirzə Bala Məmmədzadənin erməni fitnəkarlığını əks etdirən “Bakı müharibəsi”, “Bakı uğrunda müharibə” kimi faciə əsərləri yandırılmış, tamamilə məhv edilmişdir.Yaşlı nəslin qan yaddaşında isə bu qanlı faciələr yaşamış, ürəklərdə pas bağlamışdır…

1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı

A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.

Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.

Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər.

31 Mart-azərbaycanlıların soyqırımı günüdür...

Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir.Qatı daşnak Andronikin rəhbərliyi altında erməni dəstələri Naxçıvanda 11, Ordubadda 9, Culfada 3 kəndi viran qoymuş, 20 minə yaxın dinc əhali qətlə yetirilmişdir.Cəbrayılda, Qarabağda, Zəngəzurda və başqa ərazilərdə də oxşar vəhşiliklər törətmişlər.

31 Mart-azərbaycanlıların soyqırımı günüdür...

Görünməmiş vəhşilikləri ilə özlərindən sonra müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” oldular.Hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq  tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s.-bütün bu vəhşiliklərə ilk dəfə (bəlkə də yeganə) imza atanlar məhz bu qansız düşmənimiz ermənilər idi.

31 Mart-azərbaycanlıların soyqırımı günüdür...

Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik… Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi… “Daşnaksütunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

1918-ci ilin mart-aprel aylarında Bakı Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə xalqımızın tarixinə qara hərflərlə yazılmışdır.Prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Mart soyqırımının anım günü qeyd olunur.

187 dəfə oxunub
Filed in: Dünya, Xəbərlər

No comments yet.

Leave a Reply