3:31 pm - Tuesday January 23, 2018

7 nəfər bir qəzada həlak oldu

Yol qəzasıBakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, “VAZ-2107″ markalı iki avtomobil toqquşub. İlkin xəbərdə bildirilirdi ki, dəhşətli qəza nəticəsində hadisə yerində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri hərbi qulluqçudur.

Daha sonra yayılan məlumatda bildirildi ki, Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha ikisi dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.

Caspinews-a verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107″ markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızıldaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri – Qızıldaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.

Qəzada iştirak edən digər – Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107″ markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.

Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.

Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər – 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.

Ürfan Kərimli

143 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply