5:27 pm - Monday December 11, 2017

Ali məktəblərin «tələbə ovu»

TəhsilHələ də ali məktəblərə qəbul olunanlarla bitirənlərin sayında kəskin fərq var. 

Elxan Əsgər 2007 ci ildə orta məktəbi bitirərək Dağıstan Dövlət Universitetinin Hüquq fəkültəsinə qəbul olunub. Bir il sonra Elxan Əsgər Milli Aviasiya Akademiyasının hüquq fakültəsinə köçürülüb. 2011-ci ildə isə həmin universiteti bitirərək hüquqşunas ixtisasına yiyələnib. Həmin universitetdə təhsil alan Araz Nurməmmədovun sözlərinə görə, 2007-ci ildə Milli Aviasiya Akademiyasına daxil olarkən qrupda 12 nəfər olublar. Universitetin ikinci kursunda isə oxuduqları ixtisasa başqa universitetlərdən daha 6 tələbə köçürülüb. Ali məktəbi bitirəndə isə qrupda 18 nəfər olub.

Köçürmə yolu ilə ali məktəbə tələbə qəbulu uzun müddət böyük problem olaraq qalıb. Vəziyyət o həddə çatıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəblərdə tələbələrin sayının artmasına daha kəskn reaksiya verib: «Dörd ildən sonra ali məktəbi bitirən tələbələrin sayının hansı səbəbdən artdığını araşdırmaq başqa qurumların işidir. Mən bilmirəm, onlar hansı yolla balalayıb. Bu sahənin öz “həkimləri” var, onlar daha yaxşı “mütəxəssis”dirlər».

Hazırda vəziyyətin nə yerdə olduğunu araşdırmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Təhsil Nazirliyinə rəsmi sorğu ilə müraciət etdik. Sorğuda gənclərin daha çox üz tutduğu hüquqşunaslıq və müalicə işi fakültəsinə qəbul edilən abituriyentlərin və bitirən tələbələrin sayını dəqiqləşdirmək istəyirdik.

Rəsmi rəqəmlərdə böyük fərqlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən aldığımız rəsmi məlumata görə, 2009-2010-cu tədris ilində Azərbaycanda ali məktəblərin hüquq fakültəsinə, ümumilikdə 467 nəfər qəbul edilib. Bunun da 375 nəfəri Bakı Dövlət Universitetinin payına düşüb. Onlardan 135 nəfəri ödənişsiz, 240 nəfəri isə ödənişli təhsil alıb.  2009-cu ildə ali məktəbə qəbul edilən tələbələr bu il təhsil aldıqları universitetləri bitirdikləri üçün Bakı Dövlət Universitetinə sorğu göndərərək hüquq fakültəsini bitirən tələbələrin saylarını öyrəndik. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən aldığımız cavaba görə, bu il hüquq fakültəsini 260 nəfər bitirib. Amma onlar arasında xarici ölkə vətəndaşları olmayıb. Maraqlıdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Bakı Dövlət Universitetinin açıqladıqları rəsmi rəqəmlər arasında kəskin fərqlər var. Dörd il öncə hüquq fakültəsinə 375 nəfər qəbul olunsa da, həmin fakültəni dörd il sonra bitirənlərin sayı 125 nəfər azalıb.

2013-2014-cü tədris ilində isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə 230 nəfər qəbul edilib. Onlardan 138 nəfəri ödənişli təhsil alır. Bakı Dövlət Universitetindən bildirirlər ki, hüquq fakültəsini bitirənlərin əksəriyyəti işlə təmin olunur: «Respulika Prokurorluğuna işə qəbul edilən tələbələrin 90 faizi BDU-nun hüquq fakültəsinin tələbələridir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi imtahanların nəticələri onu göstərir ki, hüquq fakültəsinin tələbələrinin faiz göstəriciləri ən yüksək həddədir. Daxili işlər naziri Ramil Usubov Dövlət Televiziyasına müsahibəsində BDU-nun hüquq fakültəsinin tələbə hazırlığından razılığını belə ifadə edib. Nazir bildirib ki, artıq 10 ildir Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Buraxılış Komissiyasının sədridir. Hər il bu fakültəni 450-600 arası tələbə bitirir. Onlardan 100-150 nəfəri yüksək səviyyəli, hazırlıqlı məzunlardır. Digərləri isə orta səviyyəlidir. Digər bir tərəfdən isə universitetin rektoru, akademik Abel Məhərrəmov hüquq fakültəsini yüksək göstəricilərlə başa vuran tələbələri işlə təmin edir, onlar müvafiq kafedralarda işlə təmin olunurlar».

Təhsil Nazirliyindən verilən cavab isə bu şəkildə oldu: «Bakı Dövlət Universitetini 2013-cü ildə əyani bitirmiş məzunların (bakalavr və magistr səviyyəsi) diplom almaq üçün universitet tərəfindən Təhsil Nazirliyinə təqdim olunmuş sənədləri hazırda araşdırılır. Bu səbəbdən BDU-nun hər hansı bir ixtisasını bitirən məzunlar barədə hazırda konkret məlumat verə bilmirik».

Həkim olanların sayı həkim olmaq istəyənlərdən çoxdur

Eyni zamanda 2007-2008-cü tədris ilində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə neçə tələbənin qəbul olunduğunu öyrənmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etdik. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2007-2008-ci tədris ilində Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə 500 nəfər qəbul olunub. Onlardan da 190 nəfəri ödənişsiz, 310 nəfəri ödənişli təhsil alıb. Həmin tələbələr isə bu il təhsil aldıqları universiteti bitirməlidir.

Azərbaycan Tibb Universitetindən aldığımız rəsmi cavabda bildirildi  ki, bu il Müalicə işi fakültəsini, ümumilikdə 525 nəfər bitirib. Onlardan 258 nəfəri I müalijə-profilaktika fakultəsini, 267 nəfəri isə  II müalijə-profilaktika fakultəsini bitirib. Həkim təhsili alanlar arasında 33 nəfər xarici ölkə vətəndaşı olub. Bu dəfə də iki dövlət qurumunun açıqladığı rəqəmlər arasında fərqlər var. Belə ki, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirənlərin sayı, bu fakültəyə qəbul olunanların sayından 25 nəfər çoxdur.

Respublikamızda tibb təhsilinin yalnız bir kniversitetdə verilməsinə gəldikdə isə Təhsil Nazirliyindən bildirirlər ki,m övcud qaydalara görə, ali təhsil müəssisələrində hər hansı ixtisas üzrə mütəxəssis hazırlığına yalnız tədris, maddi-texniki baza və kadr potensialı olduqda icazə verilir: «Bir sıra özəl ali təhsil müəssisələrində digər sahələrlə yanaşı, jurnalistika, tibb və hüquq sahələrinə aid olan ixtisaslar üzrə həmin tələblər ödənilmədiyinə görə kadr hazırlığı dayandırılıb».

Məsələnin bir maraqlı tərəfi də ondan ibarətdir ki, digər ali məktəblərdə tibb fakültələri bağlındıqdan sonra Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə həm qəbul olunanların sayı, həm də təhsil haqqı artırılıb. Belə ki, əgər 6 il öncə ATU-nun müalicə işi fakültəsinə 500 nəfər qəbul olunmuşdusa, bu il həmin fakültəyə 628 nəfər qəbul edilib. Digər tərəfdən əgər 6 il öncə tələbələrin 40 faizi ödənişsiz təhsil alırdısa, bu il həmin rəqəm təxminən 30 faizə enib. Müalicə işi fakültəsində təhsil haqqı isə 3 dəfə artırılaraq 3000 manata çatdırılıb.

Köçürmə yolu ilə ali məktəblərimizə gələnlərin çoxu testdən kəsilənlərdir

Maraqlıdır ki, Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanından kəsilən və ya aşağı nəticə göstərən abituriyentlərin əksəriyyəti xarici ölkələrdə tələbə adını alır. Onların böyük bir hissəsi isə keçmiş sovet respublikalarında fəaliyyət göstərən universitetlərə imtahansız qəbul edilir. Hər hansı vasitə ilə tələbə adını alan həmin şəxslərin əsas məqsədi isə bir il sonra Azərbaycandakı istədikləri ali məktəblərə köçürülərək təhsillərini burada başa vurmaqdır.

Azərbaycanda tələbələrə xaricdə təhsil vəd edən şirkət təmsilçisi İlqar Əfəndiyev deyir ki, əsasən xaricə təhsil üçün göndərilənlərin dil biliklərinin olmasına diqqət verirlər: «Əgər şəxsin dil bilikləri də yoxdursa, ciddi problem yaranmır. Bu halda tələbələr getdikləri ölkədə dil kurslarına gedib sertifikatı oradan da ala bilərlər. Xarici ölkələrin ali məktəblərinə qəbul zamanı abituriyentlərin Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında topladıqları ballar nəzərə alınmır. Qəbul üçün müraciət edən abituriyentlər arasında Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı bal toplayanlar da olur. Onlar Azərbaycanın ali məktəblərinə qəbul ola bilmədikləri halda xaricdə oxumaq üçün müraciət edirlər».

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bizdə ali təhsil almaq dəbdə olduğu üçün Azərbaycan ailəsi hansı yolla olursa-olsun, övladına ali təhsil vermək istəyir: «Əvvəllər valideynlər Rusiyanın müxtəlif ali məktəblərinin Azərbaycandakı filialları vasitəsilə zəif oxuyan uşaqlarına ali təhsil haqqında diplom verə bilirdilər. Amma artıq bu filiallar bağlandığı, ölkənin özəl ali məktəblərinə qəbul üçün TQDK müəyyən keçid balları müəyyənləşdirdiyi üçün aşağı bal toplayan abituriyentlərin ali məktəbə qəbulu çətinləşib. İndiki dövrdə Azərbaycandakı ali məktəblərin heç birində testdənkənar qəbul həyata keçirilə bilməz. 2003-cü ilədək bu proses olmuşdu, bəzi özəl ali məktəblər testdənkənar qəbul həyata keçirirdilər. 2003-cü ildə testdənkənar qəbul ləğv olundu. Ali məktəblər də bilir ki, TQDK ancaq 1-ci kursa daxil olan tələbələrlə bağlı hökumətə məlumat verir.  Buna görə də belə abituriyentlərin MDB məkanındakı ali məktəblərə kütləvi axını başlayıb. MDB ölkələrində keçmiş sovet qəbul sistemi olduğu üçün azərbaycanlı abituriyentlər müxtəlif kanallarla oraya gedirlər. Əsasən, Mahaçqala, Rostov, Kiyev şəhərlərinə üz tuturlar. Burada qəbul çox sadədir, əcnəbi vətəndaşlar imtahansız qəbul edilirlər, dil baryeri ilə bağlı güzəştlər olunur. Belə abituriyentlər ümid edirlər ki, nə vaxtsa Azərbaycanın özəl və ya dövlət ali məktəblərinə köçürüləcəklər».

Tələbə köçürülməsi ilə bağlı yeni qaydalar hazırlanır

Azərbaycanda ali məktəblərdən tələbələrin köçürülməsi ilə bağlı yeni şərtlərlə ölkə daxilində, eləcə də xarici ölkələrdə təhsil alan tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin qarşısı təxminən 3 il öncə alınıb. Amma müəyyən istisnalar qalmaqdadır.  Yaşayış yerinin dəyişilməsi və ailə şəraiti ilə bağlı tələbənin köçürülməsi baş verə bilər. Belə hallar olduqda fərdi qaydada araşdırılır və müvafiq qərar qəbul edilir. Təhsil Nazirliyindən isə bildirirlər ki, ali məktəblərdə təhsil alan tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa hansı hallarda köçürülməsi (daxili köçürülmə) ilə bağlı yeni qaydalar hazırlanır.  Yeni qaydalar təsdiqləndikdən sonra onun detalları barəsində əlavə məlumat veriləcək.

Maraqlıdır ki, xarici ölkə universitetlərindən Azərbaycanın ali təhsil ocaqlarına köçürülən tələbəlrin əksəriyyəti xarici ölkələrin ali məktəblərinə dövlət xətti ilə qəbul olunmayıb. Çünki xarici ölkədə təhsil almağa getmək elə də asan başa gəlmir. Bunun üçün tələbələrdən yüksək biliyin olması, xarici dili yüksək səviyyədə bilmək tələb edilir. Bəzi məktəblər Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında aşağı bal toplayan, bilik göstəriciləri zəif olan uşaqları da fərdi yolla qəbul edir. Burda isə abituriyentdən tələb olunan əsas şərt yüksək təhsil haqqının ödənilməsidir. Azərbaycanda isə uzun illərdir təhsildən daha çox təhsil haqqında sənədin olmasına üstünlük verildiyindən bu yolu seçənlər hələ də az deyil. Bundan itirən isə Azərbaycan cəmiyyəti və təhsili olur.

Teymur Mirzəyev

328 dəfə oxunub
Filed in: Elm, Xəbərlər

No comments yet.

Leave a Reply