3:16 pm - Sunday January 21, 9123

Aslan İsmayılovdan məmurlara cavab

Aslan İsmayılovDünən Əli Həsənov İsmayıllıda baş verənlərin 2 keflinin davasından qaynaqlandığını söyləmişdi. Bu gün isə daxili işlər naziri Ramil Usubov kollegiya iclasında İsmayıllı hadisələrinin siyasi deyil, 200-ə yaxın adamın xuliqanlıq hərəkəti kimi qiymətləndirib. Elə həmin iclasda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bəyan etdi ki, “Son zamanlar Bakı və İsmayıllıda bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin təsiri altına düşərək ictimai asayişi pozmağa, müxtəlif məzmunlu şayiələr yaymaqla insanları çaşdırmağa və cəmiyyətdə qarşıdurma vəziyyəti yaratmağa cəhd göstərib”. İki gün ərzində hakimiyyətin ən yüksək çinliləri İsmayıllıda baş verən hadisələrə bir-birindən tam fərqli və hər birimizin gözlərimizlə gördüklərimizə uyğun olmayan, yalnış fikirlər sərgilədilər. Səslənən fikirlər mənə bir şeyi aydın göstərir ki, ən azından adı çəkilən şəxslər bu günkü audio-video texnikanın imkanlarından xəbərsizdirlər, yaxud bilə-bilə yalan danışırlar. Ona görə ki, danışanların ən azından ikisi hüquqşünasdır və bilməlidirlər ki, onların dedikləri kimi olsa belə 200 adam bir vaxtda xuliqanlıq hərəkəti törədib xuliqan ola bilməzlər. Bu fikri ancaq SSRİ-nin son dövründə Qorbaçov və onu kimi dövlət xadimləri tez-tez təkrar edirdilər. Məhz o dövrdə SSRİ rəhbərləri Sumqayıtda, Tbilisidə, Vilnyüsdə, Oşda baş verənləri xuliqanlıq kimi dəyərləndirdiklərindən az qala 300 milyonluq əhalinin hamısını xuliqan elan etmişdilər. Qorxuram ki, sonda bizim dahi dövlət xadimləri də 9 milyonluq Azərbaycan xalqının hamısını xuliqan elən edələr. Bu artıq hakimiyyətdə ya idarəetmə sisteminin pozulmasının, yaxud ümumiyyətlə sistemin olmamasının göstəricisidir. Bu isə böyük təhlükələrdən xəbər verir.

Dövlət rəhbərlərindən demişkən, Fuad Ələsgərovun bir fikri məni çox təəccübləndirdi. Mətbuatdan oxuduğumdan o deyib ki, “Bu dövlət Heydər Əliyevin bizə qoyub getdiyi yadigardır”. Mən hələ bu yaşıma qədər hansısa dövlətin kimlərəsə yadigar qoyulduğunu eşitməmişəm. Azərbaycan dövlətinin miras olduğunu və kimlərəsə yadigar qoyulduğunu ilk dəfə eşitdim. Qaldı ki, Fuad Ələsgərovun fikrinin ikinci hissəsinə harada ki, deyir: “biz heç kimə imkan verməyəcəyik ki, hansısa destruktiv qüvvələr ölkəmizi öz inkişaf istiqamətindən döndərsin, xaosa və özbaşınalığa sürükləsin”. Əgər doğrudan da F.Ələsgərov ölkəni xaosdan qorumaq istəyirsə onda özü və başçılıq etdiyi qurumlar əhaliyə qul kimi baxan, onu talayan, bir tikə çörəyə möhtac qoyan, təhqir edən və bununla da zorakılığa sürükləyən korrupsioner oliqarxlara qarşı təcili tədbirlər görsünlər!

P.S. Hər addımbaşı rəhmətlik Heydər Əliyevin adını çəkənlərin nəzərinə: “kim bir ağac kəsərsə bilsin ki, mənim qolumu kəsir” ifadəsini bu gün Azərbaycan üçün əvəzsiz sayıram. Amma Azərbaycan boyu ağacları yox meşələri qıranlara qarşı bir dəfə də olsun ciddi tədbir görüldüyünü görmədim.

Azadliq.info

107 dəfə oxunub
Filed in: Siyasət, Xəbərlər

No comments yet.

Leave a Reply