5:26 pm - Monday December 11, 2017

Azərbaycanda məmurların həyat konfortları sürətlə məhdudlaşır.

Sevinc-Isenderova“Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri” ictimai birliyi sədri Sevinc İşgəndərova:    Azərbaycanda məmurların həyat konfortları sürətlə məhdudlaşır.

 QHT-lərə qarşı başlanan cinayət işindən sonra bir neçə vətəndaş cəmiyyətinin üzvü həbs edildi, bəziləri isə çıxış yolunu ölkədən getməkdə gördülər. 

 Bir müddətdir ölkədən kənardasız. Sizin ölkədə olmadığınız müddətdə xeyli proseslər baş verib. İzləyirsizmi bütün prosesləri?

– Prosesləri mümkün qədər izləməyə çalışıram. Əsas məlumat mənbəyim rəsmi media, Facebookda paylaşılan media materialları, “Azadlıq”, Müsavat, BBC və “Amerikanın səsi” radioları, Meydan TV, Azərbaycanda fəaliyyət göstərən məhşur saytlar və xarici mətbuatdır. Azərbaycanda sosial-iqtisadi problemlər kəskinləşməkdədir. Həmçinin geosiyasi çətinliklər də artmaqdadır. Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti hələ də proseslərə nəzarət edə bilir və bunun üçün hələ ki, resursları var.  Azərbaycan hakimiyyəti Qərb ölkələrinə qarşı kampaniyasını davam etdirməsinə, Avropa dəyərlərini aşağılamasına və demokratiya, insan haqları, ifadə, toplaşmaq, birləşmək azadlıqları ilə bağlı beynəlxalq öhdəliklərini inadlı şəkildə yerinə yetirməməsinə baxmayaraq, Qərb ölkələri ciddi addımlar atmırlar. Bunun iki səbəbi var: biri Rusiya, digəri Azərbaycanın neft-qaz ehtiyatlarına malik olması. Azərbaycan hökuməti vaxtaşırı müxtəlif yollarla Qərb ölkələrinə mesajlar verir ki, bizi çox sıxsanız tam olaraq Rusiyanın nəzarətinə keçəcəyik. Bu, həm də bir növ müstəqillikdən imtina etmək, müharibəyə başlamaq kimi hədələrdir. Sanki Azərbaycan hökuməti Qərbə deyir ki, bizi çox sıxsanız özümüzü yandıracağıq, nə bilim körpüdən atacağıq. Qərb isə belə məsələrdə çox ehtiyatlıdır, Azərbaycanın müstəqilliyində və regionda sülhə çox maraqlıdır.

O biri tərəfdən isə iqtisadi maraqlar var. Neft-qaz şirkətlərinin nüfuz dairələri çox genişdir, onlar öz hökumətlərinə daha inamla təsir göstərə bilirlər. ABŞ, Britaniya və Avropa şirkətləri Azərbaycanın iri neft layihəsində iştirak edir və böyük gəlirlər əldə edirlər. İndi qaz layihəsindən faydalanmaq imkanları var. Bir sözlə, indiki status-kvo Qərbin neft-qaz şirkətləri üçün əlverişlidir.

Fikir verirsinizsə, hakimiyyətə yaxın media, hakimiyyət təmsilçiləri Qərb ölkələrinə, Qərb dəyərlərinə qarşı davamlı kampaniya aparsa da, Qərbin neft şirkətlərinə qarşı belə davranışları yoxdur.

– Bu müddət ərzində Azərbaycanda 2 dəfə devalvasiya yaşanıb. Bəzi ekspertlər deyir ki, iqtisadi böhran yaşanır. Siz nə düşünürsünüz? Bu baş verənlər iqtisadi böhrandırmı?

 Düşünürəm ki, hazırda Azərbaycan yalnız sosial-iqtisadi böhran yox, həm institusional böhran yaşayır. Son 10 ildə Azərbaycan 90 milyard dollara yaxın neft gəlirlərini israf etsə də, ölkədə heç bir fundamental problem həll olunmayıb. Ölkədə keyfiyyətli təhsil və səhiyyə xidməti yoxdur, kəndlərimizin bəlkə də yarısında yol, qaz və içməli su problem var. Bu problemlər illərdir davam edir. Azərbaycanın neft gəlirlərinin azalması indi bu problemləri daha açıq göstərməyə başladı.

Dünənə kimi neft pullarının israfından və korrupsiyadan təsirlənən tikinti sektoru çökür və bu da işsizliyin artmasına səbəb olur. Xidmət sektoru da gəlirlərin kəskin azalması sindromunu yaşayır. Banklar sıradan çıxır və verdiyi kreditləri ala bilmir. Hökumət yanlış qərarlar verir, sonra ləğv edir. Aşkar görünür ki, Azərbaycanda idarəetmə qurumları səmərəli işləmək durumundan deyil və bu da ölkədəki patronal idarəetmənin mahiyyətindən irəli gəlir. Ölkədə patronlar var və onların müştərilərindən ibarət şəbəkələri. Onlar bir-biri ilə əməkdaşlıq edir və həm də rəqabət aparır, bəzən də ölüm-dirim savaşına girirlər.

Aydın görünür ki, hökumət də heç problemləri həll etmək yox, vəziyyəti nəzarətdə saxlamaq barədə düşünür. Devalvasiyalar da buna görə verilmiş qərarlardır. Çox təəssüf ki, bəzi iqtisadçılarımız devalvasiyanı hökumətin güya manatın kursunu nəzarətdə saxlaya bilməməsinin nəticəsi kimi təqdim edirlər. Amma əslində, bu tədbirlər hökumətin büdcə öhdəliklərini yerinə yetirməsi üçün atılan addımlardır. Elə bil ki, keçən ilin fevralın 21-dək hər neft dolları büdcəyə 78.5 qəpik pul gətirirdisə, bu gün 1.64 manat pul gətiri. Bununla da hökumət nominal olaraq  büdcə öhdəliklərini yerinə yetirmiş olur. Burada daha çox uduzan əhali, banklar və dövlət büdcəsinin vəsasitləri hesabına xidmətlər göstərən şirkətlərdir. Faktiki olaraq hökumət onları aldadır, əvvəl olduğundan 2 dəfə devalvasiyaya uğramamış manat verir. Amma o biri tərəfdən, hökumət israfçı xərclərindən qalmır.

– Gecdir, yoxsa ölkənin vəziyyətdən çıxması üçün münbit şərait hələ qalmaqdadır?

– İndi əsas problemlərdən biri Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının kəskin azalmasıdır. Hiss olunur ki, hökumət ehtiyatların bundan sonrakı azalmasının məsuliyyətini anlayır və buna görə də manatın kursunu buraxmağı düşünür. Düzdür, indi neft bir az bahalaşıb, amma düşünürəm ki, Azərbaycanın neft hasilatı ilbəil azaldığından problemlər getdikcə daha çılpaq şəkildə özünü göstərəcək. Çox təəssüf ki, bizim hökumət strateji düşünmək imkanından məhrumdur.

Heç nə sözsüz ki, heç vaxt gec deyil. Azərbaycanın iqtisadi inkişafına nail olmaq üçün hələ də xeyli resursları və potensialı var. Amma hər yeni il itirilmiş bir imkandır. Son 2 ildə Neft Fondunun aktivləri də azalır. Postneft dövrü hələ sözün əsl mənasında başlamayıb. Azərbaycan yenə də az da olsa neft gəlirləri əldə edir, Neft Fondunun aktivləri də var, amma 5 ildən 10 ildən sonra daha böyük fəlakətlərlə üzləşə bilərik. İndi hökumət büdcəni doldura bilmədiyinə, daha çox da qaz layihələrini reallaşdırmaq üçün böyük borclanmalara getmək istəyir. İndiki iqtisadi siyasət davam edərsə, post-neft dövründə Azərbaycan bir ölkə olaraq müflis ola bilər.

– Bu vəziyyətdən çıxmaq üçün sizin fikrinizcə, çıxış yolu nədir?

– Vəziyyətdən çıxış elə də sadə deyil. Göründüyü kimi, hakimiyyət əsaslı iqtisadi islahatlar aparmaq istəmir və bunu özünə təhlükə kimi görür. Düşünür ki, iqtisadi azadlıqlar, şəffaflıq, hesabatlıq və hüququn alililiyi mühitində siyasi hakimiyyətə nəzarətini itirər.

Ola bilsin ki, sosial-iqtisadi böhranın dərinləşməsi nəticəsində ölkədə gələcəkdə dəyişikliklər və islahatlar mümkün olsun. Burda cəmiyyətdən də çox şey asılıdır. Neft resursları azaldıqca, bu imkanlar arta bilər. Amma asan olmayacaq. Azərbaycanda bütün sahələrdə tənəzüll varsa, ölkənin gələcəyi sual altındadır.  Azərbaycan hakimiyyəti və insanların həyat tərzi iki şeydən asılı olub, bu 23-ilik hakimiyyət dövründə: Təbii sərvətlərdən əldə edilən gəlirlər və insanlardan rüşvət vastəsilə əldə edilən “gəlirlər”..İndi Neft pula getimir,  caamatında rüşvət vermək halı yoxdur..Buna görədə Azərbaycanda məmurların həyat konfortları sürətlə məhdudlaşır.

278 dəfə oxunub
Filed in: Müsahibə

No comments yet.

Leave a Reply