5:28 pm - Monday December 11, 2017

Azərbaycanda tibbi sığorta nə vəziyyətdədir

tibbAzərbaycan dövlətinin sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır.

          Azərbaycanda səhiyyə sistemində prioritet problemlərdən biri əhalinin tibbi sığorta sistemi ilə kifayət qədər məlumatlı olmaması və bunun tətbiqi yollarını bilməməsi nəticədə əhalinin sağlamlığı üçün mütərəqqi rola malik olan bu sistemə yiyələnməməsidir. Bunu da qeyd etmək lazımdır ki, dövlətin bu yöndə inkişaf istiqamətləri azlıq təşkil edir, çünki səhiyyənin maliyyələşməsi mexanizmində bu prioritet problem kənarda qalıb.

28 oktyabr 1999-cu ildə qəbul edilmiş Tibbi Sığorta Haqqında Azərbaycan Respublikasının Qanununun əsas məğzinini tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsidir.  Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.  Göründüyü kimi, qanunvericilikdə əhalinin tibbi sığorta məsələsi qabardılaraq, dövlətin öhdəliyi kimi müəyyən edilir.  Bu məsələni xarici ölkələrin tibbi sığorta fəaliyyəti və dövlətin bu məsələyə baxışını müəyyən edən araşdırmam barədə söhbət açmaq istəyirəm.

Xarici ölkələrin tibbi sığorta sistemi ilə tanışlıq onu deməyə əsas verir ki,  bu ölkələrdə tibbi sığorta sisteminin müxtəlif mövqelərdən (sığorta olunan xəstə­liklər; sığortada fərdilik, ailəlilik, kollektivlik maraqlarının gözlənilməsi və s.) əhatə dairəsi, tibbi sığorta bazarında xidmətin seqmentləşməsi, maliyyələşmə mexanizmi, müavinət prosedurası,  keyfiyyətli xidmət mexanizmi və s. məsələlər müxtəlifdir və onların bir çoxunu Azərbaycan Respublikasında tətbiq etmək mümkün deyil. Eyni zamanda  səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır. Ümumilikdə icbari tibbi sığorta sosial xarakter daşıyır və kommersiya maraqlarını özündən demək olar ki, kənar edir. Amma qeyd etmək lazımdır ki, bu gün ölkədə tibbi sığorta sferasında bazar ünsürlərinin genişləndirilməsi vacib məsələdir. Ən azından ona görə ki, inkişaf etdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

             Tibbi sığorta haqqında əhali məlumatlıdırmı?

 

             Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillərdən ən vacibi vətəndaşların sığorta sahəsində maarifçilik və reklam səviyyəsinin aşağı olmasıdır. Buna görə də cari dövrdə ölkədə dövlət maliyyəsi hesabına ictimai, sahibkarların maliyyəsi hesabına isə biznes reklam və məlumat materiallarının vətəndaşlara çatdırılması tibbi sığortanın inkişafı baxımından zəruridir. Bu yolla, həmçinin vətəndaşların tibbi sığorta sisteminin sərfəliliyinə olan inam problemi də öz həllini tapmış olar.

             Əhali gəlirlərinin azlığı, işsizlik və yoxsulluq  problemi bu gün ölkədə tibbi sığorta sisteminin inkişafına ciddi maneə törədir. Məhz bu baxımdan, hökumət tərəfindən əhalinin həyat səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən istənilən islahat və tədbir son anda ölkədə tibbi sığorta sisteminin inkişafına öz töhfəsini verməlidir. Burada islahatların intensiv və yüksək qayğı içərisində aparılması xüsusilə diqqət mərkəzində olmalıdır.

             Bəs hüquqi mexanizm?

 

             Hüquqi mexanizmin qeyri-işlək olması faktı da tibbi sığortanın inkişafını ləngidən amillərdəndir. Hesab edirik ki, bu gün Azərbaycanda tibbi sığorta sisteminin, xüsusilə də icbari tibbi sığorta sisteminin formalaşmasını şərtləndirən hüquqi-normativ sənədlərdə əks olunan müddəalar əməl olunsa, cari dövr üçün tibbi sığortanın normal inkişafına nail olmaq mümkündür.

             Müəssisələrin maliyyə vəziyyətinin aşağı olması faktını əsas götürərək qeyd etmək olar ki, Azərbaycanda tibbi sığorta sisteminin maliyyə yükünün əsasən ictimai resurslara söykənməsinin zəruriliyi tibbi sığortanın inkişafı baxımından inkaredilməzdir. Bu məsələdə tibbi sığorta növləri arasında diferensiasiyanın da gözlənilməsi vacibdir. Yəni bu gün icbari tibbi sığortanın tam olaraq ictimai maliyyə hesabına təmin edilməsi mümkün olduğu halda, bu praktiki addımı könüllü tibbi sığortaya birbaşa tətbiq etmək doğru olmaz. Hesab edirik ki, tibbi sığortanın bu növü üçün daha səmərəli addım, məhz həmin növ sığorta üçün səmərəli bazar mühitinin  yaradılması olardı.

             Tibb müəssisələri əhalinin tibbi sığorta sisteminin tətbiqinə nail olmasında çətinlik çəkirlər.

 

             Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Tibbi müəssisələrinin qeyd edilən probleminin həllində əsas yük dövlətin üzərinə düşür.

             Tibbi sığorta sistemində mülkiyyət formasına görə daha böyük üstünlük dövlət müəssisələrinə verilməlidir. Bu fikri sorğu aparılmış respondentlər də dəstəkləyir. Perspektivlik və davamlılıq baxımından isə yerli özəl müəssisələrə, qarışıq və hətta xarici firmalara üstünlük verilməsi daha məqsədəuyğundur.

             Bəs bu sistemdə uğura nail olmaq üçün məqsədəmüvafiq hesab edilənlər nədir?    

             Cari dövr üçün əhalinin sağlamlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə məhz icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təklifi sorğu aparılmış respondentlərin də böyük əksəriyyəti dəstəkləyir. Azərbaycanda digər post sovet ölkələrində (xüsusilə, Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

– İcbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

– Müvafiq hökumət strukturları arasında birgə işçi qrupunun yaradılması;

– İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirilməklə qərarların qəbul olunması;

– İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin edilməsi;

– İcbari tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

–  Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;

– İcbari tibbi sığortanın, səhiyyənin və vətəndaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.

             Dövlətin, o cümlədən özəl sektorun maliyyə sistemində şəffaflığın təmin edilməsi, tibbi sığorta sisteminin də inkişafına obyektiv şərait yaradar.

             Əhalinin tibbi sığorta sisteminə nəzarət varmı?

             Azərbaycan Respublikasında mövcud olan tibbi sığorta sisteminin əsas çatışmayan xüsusiyyətindən biri kimi ölkədə bu sistemə nəzarət sisteminin mövcud olmamağı faktı da nəzərdən qaçırılmamalı və bu problemin həllinə nail olmağa çalışılmalıdır. Azərbaycanda bir sıra qərb ölkələrinin (xüsusilə, Almaniya) təcrübəsinə əsaslanaraq tibbi sığorta sistemi çərçəvəsində göstərilən tibbi xidmətlərin tamlığına nail olmaq məqsədəuyğundur. Belə ki, ölkədə mövcud olan icbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin (vərəm, psixoloji, damar və s. bu xarakterli xəstəliklər) sığorta olunmasını da nəzərdə tutsa, əhalinin bu sistemdən daha geniş miqyasda bəhrələnməsinə səbəb ola bilər. Azərbaycanda sığortanın inkişafı ilə bağlı konsepsiyanın və onun reallaşdırılması üzrə uzunmüddətli proqramın olmaması səbəbindən dövlət hələ də özü üçün dəqiqləşdirə bilməmişdir ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sığortanın nə kimi rolu və yeri vardır.

               Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə səhiyyənin maliyyələşdirilməsinin proqressiv sığorta sisteminə səhiyyənin konservativ tənzimlənməsi mövcud olan şəraitdə keçmək mümkün olmadığı üçün, ölkədə tibbi sığorta sisteminin səmərəli və davamlı fəaliyyət göstərməsini təmin etmək üçün pasientlərin hüquqlarını müdafiə edən institutlar yaradılmalıdır.

             Bazar iqtisadiyyatı şəraitində bütün sektorlarda olduğu kimi səhiyyə sistemində də resurslardan effektli istifadə bir nömrəli məsələlərdən olmalıdır. Yəni bu gün ölkənin maddi resursları elə istifadə olunmalıdır ki, göstərilən eyni bir tibbi xidmətə ən az xərc prinsipi gözlənilmiş olsun. Bu məqsədlə, həmçinin ölkənin səhiyyə sisteminin prioritet xidmət istiqamətləri müəyyən edilməlidir ki, bu yolla da nəinki resurslardan səmərəli istifadə, həmçinin də xidmətlərdən məqsədli və səmərəli istifadə etmək mümkün olacaqdır. Lakin qeyd edək ki, ölkədə göstərilən səhiyyə xidmətlərindən prioritetlərini seçmək üçün mütləq konkret meyarlar müəyyən edilməli və bu meyarlar əsasında da prioritet xidmət növləri seçilməlidir.

             Tibbi sığorta sisteminin tətbiqinə əsas töhfəm

             Bu gün ölkədə işləyən əhali ilə yanaşı, işsiz əhalinin də tibbi sığorta sisteminə cəlb olunması və ya hər hansı bir yolla onların pulsuz tibbi xidmətlərlə təmin edilməsini reallaşdırmaq məqsədilə də yeni və davamlı maliyyə mənbələri tapmaq lazımdır.  İcbari tibbi sığorta sistemində effektiv xərc mexanizmini reallaşdırmaq məqsədilə sığortaçılar qarşısında öhdəlik qoymaq lazımdır. Bu öhdəlik ilk növbədə onların seçdikləri tibb müəssisələrində əsas götürdükləri meyarların məhz “ən aşağı qiymətə ən yüksək xidmət göstərən təşkilat” prinsipinə söykənməlidir.

Araz Nurməmmədov

390 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply