3:16 pm - Tuesday January 21, 9231

İsmayıllıda etirazlar davam edir

İsmayıllıda etirazİsmayıllı rayon icra hakimiyyətində İctimai-siyasi və humanitar şöbənin baş məsləhətçisi Valeh Salehov hazırda rayonda vəziyyətin sabit olduğunu bildirir. «Xüsusi təyinatlılar, daxili qoşunlardan və başqa polis şöbələrindən ibarət qüvvələr hamısı rayon mərkəzindədir, hər şey yaxşıdır».Valeh Salehov rayon mərkəzində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının silahlı olduğunu deyir.

«Mən dəqiq bilmirəm hansı silahlardır, yaxından baxmamışam».

Baş məsləhətçinin dediyinə görə, icra başçısı etirazçıları bu gün qəbul etməyə razılıq versə də, qarşı tərəf görüşə gəlməkdən imtina edib.

«İNDİ İSMAYILLIDA SAKİTLİKDİR, BIR-İKİ NƏFƏR DAŞ ATIRDI, ONLAR DA ÇIXIB GETDİ»

İsmayıllı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Rəfael Əhmədov AzadlıqRadiosuna rayonda etirazların sakitləşdiyini deyib.

«İndi rayonda sakitlik və sabitlikdir. Bir-iki nəfər var idi kənarda dayanıb daş atırdılar, onlar da uzaqlaşıb, çıxıb getdilər».

Rafael Əhmədov icra başçısı Nizami Ələkbərovun evinin yandırılması barədə yayılan məlumatları təkzib edir. Deyir, rayonda içkili vəziyyətdə adamları təhqir edən «Çıraq» otelinin administratorunun cəzalandırılmasını istəyiblər və buna görə də icra hakimiyyətinin evinə doğru gediblər.

«İcra başçısının evinin arxasında yardımçı binalar və onun şəxsi maşınını yandırıblar».

Etirazçılarla icra başçısının görüşünün olub-olmamasına gəlincə, Rəfael Əhmədov belə bir görüşün hələ olmadığını deyib.

«Görüşlə bağlı heç kim müraciət etməyib. Amma başçı bu gün rayonu «kruqom» piyada gəzib».

İcra başçısının istefasının tələb olunduğunu müavin təkzib edir.

«Hazırda camaat axın-axın gəlir icra hakimiyyətinə ki, bu baş verənlər bizəm rayona yaraşan hal deyil».

POLİS RƏİSİ HƏLƏ SAXLANAN OLMADIĞINI DEYİR

İsmayıllı rayon polis idarəsinin rəisi Nizami Qocayevdə rayonda artıq sakitlik olduğunu deyir.

«Vəziyyət normaldır. Hələ saxlananlar yoxdur, bu barədə Daxili İşlər Nazirliyinə məlumat verilib və yayılıb, bir də məlumat yayılacaq».

POLİS TUTULANLARIN SAYINI BİLMİR

İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsindən bildirdilər ki, tutulanlar var. Ancaq saxlananların dəqiq sayını bilmirlər.

POLİS ADAMLARI EVLƏRİNDƏN ÇIXMAĞA QOYMUR

Etirazçılar ara küçələrdədir. Polis adamları evlərindən çıxmağa qoymur. Yas yeri olan evlərdən birinin qarşısına da polis qoyulub. Onların çölə çıxmasına imkan verilmir. Polis küçə boyu qapıları bağlayır. Bu arada etirazçıların səsi eşidilir. Polis 3 nəfəri saxlayır.

CAMAATA AÇIQLAMA VERİLƏCƏYİ DEYİLİR

İsmayıllı İcra Hakimiyyətinə gedən yolun bir başında etirazçılar, o biri başında polislər dayanıb. Polis əhalini icra hakimiyyəti ərazisinə yaxın buraxmır. Adamlar polisə etiraz edir.

Bir nəfər rayon sakini deyir ki, mən xəstəxanaya getməliyəm.

Etirazçılar polisə daş atır. Su şırnaqları, gözyaşardıcı qaz yenidən işə düşür.

İcra hakimiyyəti başçısının müavini deyib ki, camaata açıqlama veriləcək.

POLİS GÖZYAŞARDICI QAZDAN, SU ŞIRNAQLARINDAN İSTİFADƏ EDİR

İcra hakimiyyəti qarşısında Çevik Polis Alayı əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma olub.

Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edir. Aksiyaçıların saxlanılmasına başlanıb. Artıq 6 aksiyaçı tutulub. Aksiyaçılar icra başçısının onların qarşısına çıxmasını, həbs olunanların azad edilməsini tələb edir.

QƏBƏLƏ VƏ GÖYÇAYDAN GƏLƏN YOLLAR POLİS NƏZARƏTİNDƏDİR

İsmayıllıdan verilən məlumata görə, İsmayıllının rayon mərkəzi ilə kəndlər arasında post qurulub. Qəbələ və Göyçaydan gələn yollar da polis nəzarətinə götürülüb.

BAŞ PROKURORLUQ VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏLUMAT YAYIB

Məlumatda deyilir ki, yanvarın 23-ü saat 21.30 radələrində İsmayıllı şəhərində «Çıraq» otelinin və 4  müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

«Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovunşəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda öz sərnişini olan Bakı şəhər sakini Elməddin Məmmədovla birgə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək ona xəsarət yetirmələridir».

Məlumatda daha sonra deyilir ki, hadisə yerinə xeyli sayda adam toplaşıb. E. Şəmsəddinovun yerli sakinlərə təhqir yağdırması münaqişənin daha da böyüməsinə səbəb olub. Nəticədə otel və otelin həyətindəki üç müxtəlif markalı avtomobil yandırılıb.

Baş Prokurorluq və DİN-in məlumatında  münaqişəyə qatılanların destruktiv qüvvələrin təhriki ilə icra hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlunun evini yandırmağa cəhd göstərmələri də qeyd olunur və bildirilir ki, rayon polis şöbəsi əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, həyətdə olan bir avtomobil yandırılsa da, hadisənin daha da genişlənməsinin qarşısı alınıb.

Məlumata görə, insidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kütləvi münaqişənin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. İstintaq aparılır.

POLİS CANLI SƏDD QURUB

Polis adamları ərazidən uzaqlaşdırır. Polis deyir ki, küçə kəsməklə bir şey etmək olmaz. Həbs olunanların buraxılması tələbi səslənir. Ərazini boşaltmaq tələb olunur. Polis canlı sədd qurub.

«İSTEFA», «AZADLIQ» ŞÜARLARI SƏSLƏNDİRİRLƏR

Polis əhalini İsmayıllı rayon icra hakimiyyətinin binası qarşısından uzaqlaşdırır. Ərazidə qara maskalılar gözə dəyir. Polislərin əlində qalxanlar var. Qarşı tərəfdən daş atanlar var.

Etirazçılar ara küçələrə səpələnib. Artıq etiraz səsləri eşidilir. «İstefa», «Azadlıq» şüarları səsləndirirlər.

Polis deyir ki, vəziyyəti gərginləşdirməyin.

RAYONDA AKSİYA BAŞLAYIB“Azadlıq” qəzetinin yerli müxbiri Elçin İsmayildan aldığımız məlumata görə, artıq rayonda aksiya başa çatıb.Bununla belə, aksiya iştirakçıları öz tələblərini bəyan ediblər.

Aksiyaçıların tələblərinə görə, icra başçısı Nizami Ələkbərov istefa verməli, rayondakı özbaşnalıqlara son qoyulmalıdır.

Aksiya iştirakçıları bildiriblər ki, bu tələb yerinə yetirilməsə yenidən etirazlara başlayacaqlar.

Eiçin İsmayıl bildirir ki, hələ ki, rayonda həbslər yoxdu. Ancaq bundan sonra hadisələrin necə cərəyan edəcəyi bilinmir.

APA-ya açıqlamasında İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev aksiyanın bitdiyini təsdiqləyib.

Polis rəisi deyib ki, etiraza İsmayıllı rayonundakı “Çıraq” otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: “Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. “Çıraq” otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib”.

İsmayıllıda baş verən hadisələr. Çıraq hoteli yanarkən. Canlı yayımın təkrarı – 1 hissə

​​Polis rəisi bildirib ki, sakinlərlə aparılan təbliğat işi nəticəsində onlar aksiyanı dayandıraraq, dağılışıblar: “ Bu konkret insidentə olan etirazdır”.

N. Qocayevin sözlərinə görə, hadisə nəticəsində bir polis və bir yerli sakin yaralanıb: “Polis nəfəri etirazçıların atdığı daşla başından xəsarət alıb”.

Polis rəisi onu da bildirib ki, artıq Emil Şahmərdanov və insident zamanı onunla birgə olmuş şəxs saxlanılıb.

N. Qocayev hadisədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun adının hallandırılmasının yanlış olduğunu bildirib: “Füzuli Ələkbərovun oğlu nəinki həmin hadisə zamanı, ümumiyyətlə, bu gün rayonda olmayıb. Onun adının bu hadisədə hallandırılması doğru deyil”.

Polis rəisi faktla bağlı araşdırma başlandığını da deyib.

AzadliqRadiosunun müxbirləri xəbər verirlər ki, Daxili Qoşunların və Çevik polis alayının yeni-yeni qüvvələri İsmayıllı rayonuna doğru hərəkət etməkdədir. Müxbirlərmizin bildirməsinə görə, onların arasında aksiyaların yatırılması üçün su şırnağından istifadə edən texnika da var.

POLİS: VƏZİYYƏT GƏRGİNDİ

İsmayıllıda baş verən hadisələr. Çıraq hoteli yanarkən. Canlı yayımın təkrarı – 2 hissə

​​AzadlıqRadiosunun müxbirləri isə xəbər verirlər ki, Bakıdan İsmayıllı rayonuna doğru daxili qoşunların yeni qüvvələri və xüsusi xidmət orqanlarının avtomabilləri hərəkət etməkdədir.

“Azadlıq” qəzetinin yerli müxbiri Elçin İsmayıllı xəbər verir ki, rayonda “İstefa ” şuarları ilə aksiyası davam edir. Onun sözlərinə görə, artıq İsmayıllıya daxili qoşunların qüvvələri gətirilib. Ancaq hələ də aksiyanın qarşısı alınmayıb.

İsmayıllı rayon Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna hazırda rayonda vəziyyətin gərgin olduğunu deyiblər. Növbətçi polis “Çinar” motelinin və icra başçısı Nizami Ələkbərovun evinin yandırılması haqda məlumatları təsdiq edib. Bununla belə o qeyd edib ki, hazirda geniş məlumat vermək imkanları yoxdur.

İNTERNET ƏLAQƏSİNİN KƏSİLDİYİ DEYİLİR

“Azadlıq” qəzetinin yerli müxbiri Elçin İsmayıl isə xəbər verir ki, rayonda internet əlaqəsi kəsilib. Odur ki, baş verən hadisələri çatdırmağa çətinlik çəkirlər.

Hadisə yenidən çəkilən ilk videokadrlar:

“Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bildirir ki, aksiyaçılar rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun evini, həyətində olan maşınları, motosikletləri yandırıblar.

Polis hadisələrə mane ola bilmir. Aksiyaçılar “İstefa!” şüarları ilə rayon icra hakimiyyətinin binasına tərəf gedirlər.

MAŞINLAR YANDIRILIB

İsmayıllıda baş verən hadisələr. Yandırılmış avtomobillər. Canlı yayımın təkrarı

​​Yanvarın 23-də gecə saat 10-da ismayıllı rayonunda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı “Çıraq” motelini yandırıb, ərazidə olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun maşını da daxil olmaqla bir neçə bahalı avtomobili yandırıblar.

“Azadlıq” qəzetinin hadisə yerində olan əməkdaşı bildirir ki, aksiyaçılar hazırda İsmayıllı rayon icra hakimiyyətinin başçısının evini dağıdırlar. Müxbir hadisə yerində olan azsaylı polis əməkdaşlarının aksiyaçılara müdaxilə edə bilmədiyini söyləyir.

İlkin ehtimala görə hadisəyə adı çəkilən oteldə əylənən imkanlı şəxslərlə yerli sakinlər arasında mübahisə səbəb olub.

AzadlıqRadiosunun əməkdaşları İsmayıllıya yollanıblar. Az sonra hadisə haqqında daha ətraflı məlumatımız olacaq.

110 dəfə oxunub
Filed in: Cəmiyyət, Xəbərlər

No comments yet.

Leave a Reply