3:41 pm - Tuesday January 23, 2018

Klublarımızın rəqibləri müəyyənləşdi

UEFABu gün, Bakı vaxtı ilə saat 17:30-da UEFA Avropa Liqasının II təsnifat mərhələlərinin püşkü atılıb. Bu turnirdə ölkəmizi təmsil edəcək “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” klublarının da rəqibəri müəyyənləşib. Hər üç klubumuz ilk mərhələni uğurla keçəcəyi təqdirdə II təsnifat mərhələsində aşağı qeyd olunan komandalarla qarşılaşacaq. 

“İnter” “Mariehamn” səddini keçəcəyi təqdirdə “Kelje” (Sloveniya) / “Tromso” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” klubu növbəti mərhələdə Polşa “Piast” ilə üz-üzə gələcək. “Xəzər Lənkəran” Malta “Slima Vanderers” komandasını məğlub edərsə, növbəti mərhələdə “Makkabi” (Hayfa, İsrail) klubu ilə qarşılaşacaq.

“Qarabağ” klubu Polşanın “Piast” klubu ilə tarixində ilk dəfə üz-üzə gələcək. Lakin Ağdam təmsilçisi 2010/2011 mövsümündə Polşanın digər təmsilçisi “Visla”nı hər iki oyunda (3:2, 1:0) məğlub edərək “play-off”a yüksəlmişdi.

“Xəzər Lənkəran” 2011/2012 mövsümündə İsrailin digər təmsilçisi “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşmış və iki oyunun nəticəsinə görə mərhələni keçə bilməmişdi. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Lənkəran klubu doğma meydanda 0:0 bərabərə qalaraq Avroliqada mübarizəni dayandırmışdı.

Xatırladaq ki, “Qarabağ” 1999-cu ildə İntertoto kuboku çərçivəsində “Xəzər Lənkəran”ın hazırki rəqibi “Makkabi” (Hayfa) klubu ilə qarşılaşmış və növbəti mərhələyə adlayan tərəf olmuşdu. Belə ki, doğma meydanda 0:1 hesabı ilə uduzan Ağdam klubu səfərdə Müşviq Hüseynovun iki qolu sayəsində rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi – 2:1.

Qeyd edək ki, I təsifat mərhələsində “Qarabağ” Makedoniyanın “Metallurq”, “İnter” Finlandiyanın “Mariehamn” və “Xəzər Lənkəran” Maltanın “Slima Vanderers” klubları ilə qarşılaşacaq.

Əlavə edək ki, Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.

Artıq klublarımızın II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib:

“Mariehamn”/”İnter” – “Kelje” (Sloveniya) / “Tromso” (Norveç)

“Makkabi” (Hayfa, İsrail) – “Slima Vanderers” / “Xəzər Lənkəran”

“Metallurq” / “Qarabağ” – “Piast” (Polşa)

53 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply