5:28 pm - Monday December 11, 2017

Mülkiyyət hüququna müdaxilə qanunilik prinsiplərinin tələblərinə cavab verməlidir

mulkiyyetHər bir ictimai iqtisadi formasiyada mülkiyyət daima önəmli faktor rolunu oynayıb. Hesab etsək ki, iqtisadiyyat  dövlətin dayaq nöqtəsidir, onda hər bir dövlətin mülkiyyətə  necə yüksək qiymət verdiyinin şahidi olarıq. Mülkiyyət haqqında danışarkən mülkiyyət hüququna müdaxilə əsas prioritet  mövzulardan hesab edilməlidir.

25 dekabr 2001-ci ildə “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra mülkiyyət hüququna müdaxilələrin hüquqi müəyyənlik və ya qanunilik prinsiplərinin tələbləri dövlətdaxili normativ hüquqi aktların qəbul edilməsini zəruri etdi. Bu istiqamətdə ən ciddi addım 20 aprel 2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu  qəbul edilməsi oldu. Sözügedən qanun barədə ümumi şəkildə onu demək olar ki, qanun torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın müəyyən edilməsi və ödənilməsi, bu sahədə tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlib.  Burada torpaqlarla yanaşı, torpağa möhkəm bağlı olan və təyinatına zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, hasar, yarımçıq tikili və başqa bu kimi obyektlər də nəzərdə tutulur (2. Səh 1). Yeni qanunda “dövlət ehtiyacları” anlayışı həddən artıq genişləndirilib və Mülki Məcəllənin 157.9-cu maddəsindən fərqli müddəalar müəyyən edilib.

             İnsan hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin, başqa beynəlxalq aktların oxşar müddəalarının ölkə qanunvericiliyinə implementasiyası nəticəsində meydana çıxmış Mülki Məcəllənin bu maddəsinin məzmununa zidd müddəaların qanunvericiliyə daxil edilməsi beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər. Belə ki, qanunda dövlət ehtiyacları dedikdə, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi nəzərdə tutulur. Xüsusilə “sərhəd zolağının müəyyən edilməsi” məqsədinin “sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi” ifadəsi ilə əvəzlənməsi, eləcə də “müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi” ifadəsinə “dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi” ifadəsinin də əlavə edilməsi alına biləcək torpaq sahələrinin miqyasını ölçüsüz olaraq genişləndirir. Bu, daha çox insanın mülkiyyət hüququna əsassız, ictimai zərurətdən doğmayan müdaxilə imkanları yaradır. Qanunda qeyd olunur ki, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş məhdudiyyətlərdən asılı olmayaraq, xüsusi və bələdiyyə, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüququnun dövlət ehtiyacları üçün geri alınması mümkündür. Dövlət ehtiyacları üçün torpaqların geri alınmasından bir ay əvvəldən torpaq sahiblərinə xəbərdarlıq edilməli, razılıq alındığı təqdirdə mülkiyyət sahiblərinə kompensasiya ödənilməlidir. Razılıq olmadığı halda torpaq sahibi 90 gün müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə müvafiq icra hakimiyyətinin qərarını qüvvədə saxlayarsa, torpaq sahibi ərazini boşaltmalıdır (3. Səh 9).

Bəzi hallarda vətəndaş öz torpağını daha baha qiymətə satmaq istədiyindən, bəzi hallarda isə ümumiyyətlə satmaq istəmədiyindən bu sahədə müəyyən problemlər yaranır. Dövlət bu məsələni də qanunvericilik səviyyəsində həll edərək qanunda qeyd edib ki, torpaqlar dövlət tərəfindən əvəzi ödənilməklə mülkiyyətçi ilə razılaşma əsasında və ya razılaşma əldə edilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada ala bilər. Eyni zamanda, dövlət alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır.

Torpaqların dövlət ehtiyacı üçün alınması məsələsində problemli məsələrdən biri də həmin ərazidə məskunlaşan əhalinin ədalətli kompensasiya almaq hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 247.2-ci maddəsi bu sözügedən məsələyə aydınlıq gətirir. Belə ki, satınalma qiyməti müəyyənləşdirərkən həmin qiymətə torpaq sahəsinin və orada olan əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər o cümlədən, əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir. (1.səh 96) Başqa sözlə, torpaqlar dövlət ehtiyacı üçün alınarkən mülkiyyətçiyə yalnız torpağın bazar qiymətinə uyğun qiyməti deyil, həmçinin mülkiyyətçiyə həmin torpaqdan istifadə edərək əldə edəcəyi gözlənilən gəliri də (əldən çıxmış fayda) ödənilməlidir. Məsələn, əgər torpaqlar alınarkən həmin torpaqda taxıl əkilmişdirsə, onda alan tərəf mülkiyyətçinin həmin torpaqlarda əkilən dənli bitkilərin əldə etməli olduğu gəlir də ona ödənilir.

Mülkiyyət hüququna müdaxilədən danışarkən ekspropriasiyadan yan keçmək mümkün deyil. Belə ki, mülkiyyətə müdaxilənin əsas və birinci forması, ekspropriasiya şəklində olur. Ekspropriasiya – latın köklü bir sözdür, mülkiyyətin əldən alınması kimi başa düşülür; mahiyyətcə mənası “dövlətləşdirməyə” ya da “milliləşdirmə” (nationalisation) çox bənzəyir. Lakin müqayisəli hüquqda bələdiyyələr də bu mexanizmdən istifadə etdiyi üçün “dövlətləşdirmə” sözü texniki olaraq bu mənanı tam əks etdirməyəcək.

Ekspropriasiya, xüsusi mülkiyyətdə olan əmlakın, dəyərini ödəməklə ictimai (public) mülkiyyətə çevirilməsidir, bir qayda olaraq, mülkiyyətçinin razılığı olmadan həyata keçirilir. Ekspropriasiyanı legitim hala gətirən iki faktor var: birincisi, ictimai tələbatın və marağın olması, digəri də alınan əmlak əvəzində kompensasiyanın ödənilməsidir. Beləliklə, şəxsin xüsusi mülkiyyət üzərində hüquqları sona çatır (yaxud məhdudlaşır) və bu hüquqlar hakimiyyət orqanlarına keçir (4. Səh 21).

Mülkiyyət hüququna müdaxilənin ikinci şəkli mülkiyyət hüququnun tanıdığı istifadə və sərəncam vermə səlahiyyətlərinə məhdudiyyətlərin gətirilməsi şəklində olur. Belə məhdudiyyətlər müxtəlif formada ortaya çıxa bilər: şəxsin əmlakı sata bilməməsi, ondan istədiyi formada yararlanmaması, orda inşaat işlərinin apara bilməməsi, istəmədiyi halda kiminsə onun əmlakından yararlanması, faktiki olarak öz əmlakından istifadə edə bilməməsi kimi ortaya çıxa bilər.

Həm beynəlxalq sənədlərdə, həm də bir çox mədəni dövlətlərin daxili qanunvericiliyində dövlət tərəfindən mülkiyyət hüququna müdaxilə olması üçün “ictimai maraq” şərti nəzərdə tutulur. Avropa İnsan Hüquqları Konvensiyasında bunu açıq şəkildə görmək mümkündür: “public interest” sözü ilə ifadə olunan məhz budur. İctimai marağın bir digər ifadəsi, “ümumi maraqdır”. İctimai maraq nə mənaya gəlir? Dövlət maraqları, bütöv cəmiyyətin marağı, cəmiyyətin ancaq bir təbəqəsinin (məsələn, qocaların) maraqları, təbiətin qorunması kimi, bunlardan hansı ictimai maraq kimi qəbul olunmalıdır? (5. Səh 28)

İctimai maraq geniş bir anlayışdır. O, hər hadisədə ayrıca qiymətləndirilməlidir. İctimai marağın nə olduğunun müəyyən edilməsində, milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər. İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir (6. Səh 5). Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər. Belə hallarda bu geniş mülahizə səlahiyyətinə tətbiq olunası hədd bundan ibarətdir: qanunverici orqanın geniş qərarı açıq şəkildə əsassız və qeyri-rasional olmamalıdır.

Mülkiyyət hüququna müdaxilə haqqında aşağıdakı ümumiləşdirmələri qeyd etmək lazımdır. Aşağıda göstərilən cəhətlər müdaxilənin bütün meyarlarını özündə cəmləşdirir:

  • mülkiyyət ya da sahibliyə müdaxilə yalnız ictimai tələbatın və ictimai marağın varlığında mümkündür;
  • şəxsə mülkiyyət hüququ əsasında mənsub olan əmlakın götürülməsi barədə qərar prosedura uyğun həyata keçirilməlidir (prosessual təminatlar);
  • mülkiyyətə qismən müdaxilə, müvafiq hüququn istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirməməlidir;
  • götürülmüş əmlaka görə təklif olunan konpensasiya adekvat, “bazar dəyəri”nə uyğunluğu təmin edilməlidir.

Məqalənin sonunu Nicollo Makiavellinin “Hökmdar” əsərindən götürülmüş bir sitatla yekunlaşdırmaq istərdim. Belə ki, müəllif qeyd edir ki, “hökmdar (dövlət) kimisə həyatından məhrum etmək məcburiyyətində qalsa, O bunu ədalətli və açıq şəkildə əsaslandırmalıdır;
amma O heç vaxt başqalarının (təbələrın) mülkünə əl uzatmamalı, çünki insanlar öz atalarının ölümünü tezliklə unutduqları halda, öz mülklərindən məhrum edildiklərini unutmazlar”.

Araz Nurməmmədov

304 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply