5:23 pm - Monday December 11, 2017

Regionlarda elektron xidmətlərdən istifadənin artırılmasına dəstək

yazi-uchun1Xalid Kazımov: “Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə 700-dən artıq region sakini elektron xidmətlərlə bağlı birbaşa məlumatlandırılıb”

Son illər respublikamızda əhaliyə göstərilən elektron xidmətlərin sayı artmaqdadır. Bu gün əhali həm dövlət qurumlarının öz internet səhifələri, həm də «Elektron hökumət portalı» vasitəsi ilə elektron xidmətlərə çıxış əldə edə bilir. Amma elektron xidmətlərin sayının artırılması ilə yanaşı, göstərilən xidmətlərlə bağlı əhalinin məlumatlandırılması da önəmlidir. Son dövrlər Qeyri-Hökumət Təşkilatları da bu istiqamətdə görülən işlərə ictimai dəstək verməkdədir.

Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlardan olan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov deyir ki, 2014-cü ildən başlayaraq əhalinin elektron xidmətlərlə bağlı məlumatlılığını artırmaq istiqamətində iş aparırlar: “Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Təşkilatımız da bu istiqamətdə görülən işlərə ictimai dəstək verməyə çalışır. Əvvəllər bu istiqamətdə fəaliyyətimizə yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verirdisə, bu il Avrasiya Əməkdaşlıq Fondu da bu fəaliyyətə dəstək verib. Təşkilatın ekspertlərinin Avrasiya Əməkdaşlıq Fondu ilə əməkdaşlığı nəticəsində elektron xidmətlərdən istifadədə çətinlik çəkən insanlara həm də birbaşa köməklik göstərməyə nail olduq. Bu ölkəmizdə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərə əlavə dəstək olmaqla yanaşı, aztəminatlı ailələrə elektron xidmətlərdən yararlanma imkanı verdi”.

yazi-uchun2X.Kazımov deyir ki, ötən müddətdə region sakinlərinin elektron xidmətlərlə bağlı məlumatlılığını artırmaq məqsədi ilə həm televiziya verilişləri, həm də sosial çarx hazırlanaraq yayımlanıb: “Avrasiya Əməkdaşlıq Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi və Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq şəraitində maarifləndirmə xarakterli 4 televiziya verilişi və bir sosial çarx hazırlanaraq yayımlanıb. Elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün hazırlanan verilişlərdə və sosial çarxda elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüyü təqdir edilir. Bundan başqa regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə birbaşa  köməklik göstərilib. Ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Yevlax, Ağdaş, Tərtər və Ağcabədi  rayonlarından olan 2700-dən çox sakinə paylanılmaqla onlar bu sahədə məlumatlandırılıb. Həmin rayonlarda keçirilən  məlumatlandırma sessiyasında isə 450-dən artıq region sakini iştirak edib. Məlumatlandırma sessiyalarından sonra 123 nəfərə “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilməsi həyata keçirilib. Bərdə və Ağdam rayonlarında təşkil olunan xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə ilə bağlı 330  nəfər region sakininə köməklik göstərilib. Bütün bu işlərin görülməsində əsas məqsədimiz ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək verməkdir”.

43 dəfə oxunub
Filed in: QHT

No comments yet.

Leave a Reply