5:23 pm - Monday December 11, 2017

Siyasi fəal Raiz Zeynalov: Azərbaycanda hakimiyyətin idarə edilməsi korrpusiyadan asılı vəziyyətə düşüb

rushvetRaiz Zeynalov bəy, bir gənc olaraq korrupsiya elementini nə kimi xarakterizə edərdiniz? – Korrupsiya qeyri-qanuni yolla vəzifə və səlahiyyətlərdən istifadə edərək külli miqdarda pul əldə etməklə başqa şəxslərə xidmət göstərmək və onların xeyrinə güzəştlərin edilməsi fəaliyyətidir. Ümumiyyətlə korrupsiya elə bir prosedurdur ki, onu müəyyən etmək olduqca çətin bir işdir. Korrupsiya vasitəsilə bir qrup cəmiyyətdə varlanır və bunun nəticəsində əhalinin böyük əksəriyyəti kasıbçılıqla üz-üzə qalır. Bütövlükdə cəmiyyətdə qanunların işləməsi qeyri-mümkün olur. Dünyada hökumətlər korrupsiyanın qarşısını almaq məqsədilə idarəetmədə və qanunvericiliyin tətbiq edilməsində adekvat variantlar tapmağa çalışırlar ki, korrupsiya elementlərini minimuma endirsinlər. Çox təəsüf ki, bu gün dünyada bunun qarşısını almaq birmənalı olaraq mümkün deyil. Lakin ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsi müxtəlif səviyyədədir. Avropa ölkələrində hökumətlər bu fəaliyyəti minimuma endirə bilmişlər. Lakin təbii ehtiyatları çox olan ölkələrdə, keçmiş sosialist ölkələrinin əksəriyyətində, Latın Ameikası ölkələrinin əksəriyyətində vəziyyət heç də yaxşı deyil. Bu qəbildən Azərbaycanda da vəziyyət pisdir.

Sizcə, Azərbaycanda hansı sahələrdə korrupsiya elementlərini daha çox göstərmək olar? – Azərbaycanda təhsil, səhiyyə, vergi, gömrük, yol polisi, sosial müdafiə sistemlərində korrupsiya halları daha çoxdur. Ölkəmizə idxal olunan məhsulların gömrük sistemindən keçirilməsi faktiki olaraq rüşvətsiz mümkün deyil. Yaxud da deyək ki, ölkədə fəaliyyət göstərən bütün kommersiya və biznes strukturları vergi işini “xüsusi ödəmə” vasitəsilə həyata keçirirlər. Sosial müdafiəyə ehtiyacı olanlar bu ehtiyacı təmin etmək üçün müxtəlif əlaqədar strukturlara 3000-5000 aralığında pul verməlidirlər. Təsəvvür edin ki, pensiya təyin olunası bir xəstə xəstəliyilə bağlı epikriz əldə etməli və buna görə 200-250 manat ödəməlidir. Daha sonra yerli poliklinikada qeydiyyatdan keçməli və bu səhiyyə müəssisəsindən də sənəd almaq üçün ən azı 150 manat verməlidir. Bundan sonra sənədlər Sosial Tibb Ekspert Komissiyasına verilir (FTEK) və komissiyadan keçmək 1500-2000 manat edir. Sonra sənədlər Sosial Müdafiə sektorunda qəbul edilir və yoxlamadan keçirilir. Bu prosesdən salamat keçmək istəyirsənsə 500 manat da verməlisən. Amma başqa variant da var: hər hansı sosial müdafiə sektorunun əməkdaşına 5000  manat verirsən və pensiyayla “mükafatlandırılırsan”. Gördüyünüz kimi bir təminat üçün vətəndaş 3-4 sektora üst-üstə ən azı 3000 manat rüşvət verməlidir. Yadımızdadır ki, rayonların birində Sosial Müdafiə sektoru əməkdaşının stolundan 400 nəfərin ünvanlı sosial Yardım Kartı çıxmışdı.

Raiz bəy, vəziyyəti necə görürsünüz, Sizcə göstərdiyiniz bu mənfi tendensiyanı aradan qaldırmaq olarmı? – Əlbəttə olar, amma asanlıqla yox. Çünki, bu sistemin arxasında yüksək çinli məmurlar dayanıb. İlk növbədə hökumət iradə nümayiş etdirib ciddi dəyişiklik etməlidir. Bunun üçün böyük sayda kadrlar ordusunda dəyişiklik edilməlidir. Eyni zamanda ciddi ictimai nəzarət tətbiq edilməlidir və ictimai müqavimət artırılmalıdır. Biz də ictimai təşkilat olaraq baş verən neqativ hallarla bağlı məlumat yayır və bu kimi halların əleyhinə kampaniyalar keçirmək istəyirik ki, korrupsiya və rüşvətxorluq azalsın.  Korrupsiyanın kökünün kəsilməsinin əsas mənbəyi ictimai nəzarət mexanizmlərinin gücləndirilməsidir.   Azərbaycanda hakimiyyətin idarə edilməsi korrpusiyadan asılı vəziyyətə düşüb.

71 dəfə oxunub
Filed in: Müsahibə

No comments yet.

Leave a Reply