3:32 pm - Tuesday January 23, 2018

Türkiyəni silkələyən cinayətinin təfərrüatları açılır

Əsrin cinayətiTürkiyədəki həbslər Ərdoğan hökumətini sarsıdıb. 87 milyard avro dəyərində “qara para” yuyan “hökumət cocuqları”nın işində azərbaycanlıların da adları hallanır; Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov isə birbaşa cinayətin içində!

Dekabrın 17-nə keçən gecə Türkiyədə başlanan şok əməliyyatın izləri Azərbaycana da çatıb. Türkiyə prokurorluq orqanlarının qərarı ilə Türkiyə-Azərbaycan sərhədindəki Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov saxlanıb. Bundan başqa, cinayət işində Surxay, Nizami, Vidadi adlı Azərbaycandan olan üç iş adamının da adı keçir.

Türkiyə prokurorluğu həbslə bağlı heç bir açıqlama verməsə də, Seyidovun iş adamı Rza Zərrabın rəhbərlik etdiyi İranın çirkli pullarının yuyulmasında vasitəçilikdə şübhəli kimi saxlandığı ehtimal olunur.

Artıq Rza Zərraba bununla bağlı rəsmi ittiham irəli sürülüb. O, İrandan 87 milyard avroluq qaçaqmalı Türkiyə üzərindən realizə etməkdə, bunun üçün Türkiyə rəsmilərinə 137 milyon lirə (70 milyon manat) rüşvət verməkdə ittiham edilir. Ehtimal edilir ki, bu əməliyyat zamanı İran-Azərbaycan (Naxçıvan)-Türkiyə marşrutundan istifadə edilib.

Maliyyə Nazirliyi Rüşvət Cinayətlərinin Araşdırma Komissiyası İstanbul Polis İdarəsinə Rza Zərrabın  şirkətlərinin heç bir fəaliyyətdə olmadığını, lakin milyonlarca avro transfer etdiyini və bunun xaricdə sənədləşdiyini göstərən bir hesabat təqdim olunub. Məsələ ilə bağlı baş hərfi A.M. olan bir informator ortaya çıxıb. Maliyyə Nazirliyi müfəttişləri Türkiyədə qurulan üç xəyali şirkətin fəaliyyətini və hesabını araşdırıb, bunun sonunda da böyük pulların qanunsuz şəkildə transfer edildiyini ortaya çıxarıb.   İnformatorun verdiyi sənədlərə görə, 2009-2012-ci illər arasında “Bank Mellat” tərəfindən yuyulan çirkli pulların miqdarı 87 milyard avroya çatır.  Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin çirkli pulları yuma daxil olmaqla, sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç  transferləri İrandan apardığını etiraf edib.   Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub.

Dövlət Gömrük Komitəsi Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib. DGK-dan bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır. M.Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Azərbaycanlıların tutulması məsələsi nəzarətdə saxlanılır”. Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov publika.az-a  açıqlamasında belə deyib. Baş konsul bildirib ki, bu məsələ ilə birbaşa Azərbaycanın Qarsdakı baş Konsulluğu məşğul olur: “Bu bizim ərazimizə daxil deyil. Amma məsələdən xəbərdarıq və nəzarətdə saxlayırıq”.

H.Zeynalov azərbaycanlı məmurun məsuliyyətə cəlb olunacağı təqdirdə cəzasını Türkiyədə, yoxsa Azərbaycanda çəkəcəyi məsələsinə də münasibət bildirib. “Hələ istintaq indi başlayır, məsələ tam məlum deyil. Hər şey aydınlaşdıqdan sonra bunlar barəsində danışmaq olar. İndi hələ tezdir” deyə, baş konsul qeyd edib. Azərbaycanın Qars konsulu isə deyib ki, həbs olunan məmur artıq vəkillə təmin edilib.

Türkiyə istintaq orqanlarının yaydığı xəbərdə bildirilir ki, Türkiyə vətəndaşlığına keçdikdən sonra “Sərraf” soyadını götürən Rza Zərrab 2009-2012-ci illərdə qurduğu şirkətlər vasitəsilə İrandan 87 milyard avro vəsaitin Türkiyəyə transferində vasitəçi olub. Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) bununla bağlı araşdırma aparılması üçün İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) raport göndərib. Əməliyyat 2011-ci il dekabrın 14-də İstanbuldan Rusiyaya gedən 3 azərbaycanlı və bir iranlının üzərində “Vnukovo” hava limanında 14,5 milyon dollar və 4 milyon avro nağd pulun aşkarlanması ilə başlayıb. Rusiya Federal Gömrük Xidməti məsələ ilə bağlı Türkiyə tərəfinə müraciət edərək olayın araşdırılmasını istəyib. Türkiyə polisi hərəkətə keçərək ilkin mərhələdə İstanbulun Tahtakale səmtində bir valyutadəyişmə məntəqəsinin sahibini və 14 işçisini həbs edib. Bu şəxslərin 37 dəfə Rusiyaya 40 milyon dollar və 10 milyon avro nağd pul apardıqları müəyyənləşib. Bu pulların Azərbaycandan olan iş adamları A. Nizami, H. Surxay və B. Vidadiyə aid olduğu aşkara çıxarılıb. Pulların Dubaydan Türkiyəyə gətirildiyi və Rusiyaya göndərildiyi müəyyən edilib. İstanbul polisi kuryerləri sərbəst buraxıb və adıçəkilən 3 azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.

Türkiyədə qurulmuş, kağız üzərindəki 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarlarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Adəm G. və Vidadi B. tərəfindən qurulan “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxarılıb. Şirkətlərin “Garanti”, “Küveyt Türk” bankları, “Denizbank” və “Aktif Bank”dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirib. Saxlanılan Adəm G. ifadəsində pul transferi barədə təlimatların İrandan gəldiyini söyləyib.

R.Zərrabı 2011-ci ilin dekabrından bəri izləyən Türkiyə polisi iş adamının qanunsuz qızıl ixracatı ilə məşğul olduğunu da aşkarlayıb. Onun dövlət məmurlarına rüşvət verərək 1,5 ton qızılı ölkə xaricinə çıxardığı bildirilir.

Türkiyə xəbər qaynaqlarının yazdığına görə, prosesin sürətlənməsində facebook sosial şəbəkəsinin də rolu olub. Rza Zərrabın sürücüsü Turqut Happani kuryerlik etdiyi Rusiyaya 180 milyon dollar pul daşınması ilə bağlı əməliyyatın şəkillərini facebook səhifəsində yerləşdirib. Yerdən tavana qədər yığılan pul bağlamaları fotodakı 3 nəfərin boyunu aşır.

Dekabrın 17-si axşam saatlarında Türkiyə telekanalları əməliyyat zamanı həbs edilənlərin sayının 52-yə çatması haqqında xəbərlər yayıb. Həbslər noyabrın 18-də də davam edib. Səhər saatlarında İstanbul polisinin 5 şöbəsinin müdiri işdən azad edilib. Bununla yanaşı, üç nazir övladının da olduğu geniş əməliyyatda həbs sanksiyalarını imzalayan İstanbul baş prokurorunun birinci müavini Zəkəriyyə Öz cinayət işinin istintaqından kənarlaşdırılıb. Bundan sonra istintaq prosesinə İstanbul baş prokuroru Turan Çolakkadı başçılıq edəcək. İstintaqı aparan prokurorlar qrupuna isə daha iki prokuror əlavə edilib. Türkiyə mətbuatı iddia edir ki, 5 polis rəisini işdən çıxaran da, 2 yeni prokuroru istintaqa əlavə edən də baş nazir Tayyib Ərdoğanın iradəsidir. O, qəfil aldığı zərbəyə qarşı hərəkətə keçməyə başlayıb.

Bu arada rüşvət və korrupsiya qalmaqalına daha bir nazirin bulaşdığı haqda xəbərlər yayılıb. İstintaq qrupu saxlanan şəxslərin 2 ilə yaxındır izləndiyi və dinləndiyi haqda açıqlama verib. Yerli xəbər agentlikləri iddia edir ki, istintaqın əldə etdiyi videolar içərisində Türkiyə nazirlərindən birinin Rza Zərrabdan 1,5 milyon dollar rüşvət alması faktı da əks olunub. Xəbər doğrulansa, həmin nazir korrupsiya və rüşvət əməliyyatına bağlı olan dördüncü hökumət üzvü olacaq.

Məsələ ilə bağlı ölkənin siyasi gündəmi də çalxalanır. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı yaşananlara “Allahdan qorxmaz, quldan utanmaz oğrular, quldurlar, talançılar, cibgirlər, yolkəsənlər, sələmçilər, tüfeylilər AKP hökumətinin ətrafında toplaşıb eyni məqsədə doğru yönəliblər” kimi sərt ifadələrlə münasibət bildirib.

MHP lideri məsələnin hökumət-“camaat” çəkişməsi kimi təqdimatını da doru saymadığını deyib: “Bu, düşüncədən kənardır. Baş nazir Ərdoğan “təhdidlərə boyun əyməyəcəyik” deyərək hədəf sapdırır, “bəzilərinin topu-tüfəngi varsa, bizim də Allahımız var” ifadəsi ilə suçu təsbit edilən şəxslərin mənasız müdafiəsinə qalxır. Korrupsiya faktlarını ört-basdır etməyə, milli sərvətlərin talançılığına əl bulayanları müdafiə etməyə baş nazir Ərdoğan cəhd etməməlidir. Əziz millətimiz kimliyindən asılı olmayaraq onu çapıb talayanları cəzalandırılmasını gözləyir. Övladları haram pula dadanan, nüfuz ticarəti yolu ilə qanun pozan nazirlərin öz hal və durumlarını bir daha gözdən keçirmələri siyasi əxlaqın tələbidir. Türkiyə hər baxımdan arınmalıdır. Yüzminlərlə yetimin, milyonlarca məzlumun haqqına əl uzadacaq qədər İslamdan, insafdan, insanlıqdan uzaqlaşanlar sonlarını yaxınlaşdırıb. Baş nazir Ərdoğan “Beynəlxalq Korrupsiya İndiksində” Türkiyənin yerini 2002-ci illə müqayisə etmək yerinə hər mənada çirkaba, korrupsiyaya bürünən ətrafına, ailəsinə, xüsusən də aynadakı əksinə baxmalıdır”.

Ana müxalifətin lideri Kamal Kılıçdaroğlu da məsələ ilə bağlı AKP-ni kəskin ifadələrlə tənqid edib, övladları həbs edilən nazirləri istefaya çağırıb: “Bir zaman səltənət vardı, hakimiyyət atadan oğula keçərdi. Bugünkü Türkiyədə isə korrupsiya atadan oğula keçir”.

AKP daxilindəki gərginlik də getdikcə yüksəlməkdədir. Bir sıra nazirlər partiyanın fövqəladə toplantısında komandanı qorumaq üçün korrupsiya ittihamında övladlarının adı keçən nazirlərin istefaya getməsi tələblərini səsləndirib.

İstanbul prokurorluğunun verdiyi son xəbərlərə görə, ötən gün saxlanan bir sıra şəxslərin evində axtarış aparılıb. Təkcə “Halkbank”ın baş direktorunun mənzilindən ayaqqabı qutularına yığılan 4,5 milyon dollar tapılıb. Külli miqdarda nağd pul çıxan mənzillərdən biri də polis naziri Müəmmər Gülərin oğlu Barışın evidir.

18 dekabr axşam saatlarında Türkiyə baş nazirinin müavini Bülənd Arınc jurnalistlər qarşısına çıxaraq, mövzu ilə bağlı hökumətin mövqeyini açıqlayıb, suallara cavab verib. “Yeni Müsavat”ın müxbiri müşahidə edib ki, həddindən artıq gərgin  olan baş nazirin müavini çıxışı zamanı dəfələrlə çaşıb, jurnalistlərin suallarına isə aqressiv cavablar verib. Bu açıqlamaya dair əlavə yazı qəzetimizdə dərc olunur.

Ürfan Kərimli

124 dəfə oxunub
Filed in: Dünya, Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply