5:25 pm - Monday December 11, 2017

Vergiqoyma siyasəti və sahibkar mənafeyi üz-üzə

tax_policy_updates_webgraphicBazar iqtisadiyyatı şəraitində vergiqoyma siyasətinin kifayət qədər əhəmiyyətli rola malik olması şübhəsizdir. Vergiqoyma siyasətinin qarşısına qoyulan əsas hədəflərdən biri ölkə iqtisadiyyatına öz töhfəsini verməklə bərabər, dövlət büdcəsinə pul axınının təmin edilməsindən ibarətdir. Lakin ilk növbədə iqtisadiyyatın səviyyəsinin yüksək səviyyəyə çatdırılması və ölkə əhalisinin normal yaşayışının təmin edilməsi vergiqoyma siyasətinin əhəmiyyətli hədəflərindən biri hesab edilməlidir.

Bildiyimiz kimi, vergiqoyma siyasəti eyni zamanda ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmalıdır. Buna görə də vergi qoyularkən sahibkar mənafeyi ön planda olmalıdır. Amerika vergi qanunvericiliyinə nəzər salsaq görürərik ki, hər bir vergi növü tətbiq edilərkən sahibkarın sahibkarlıq fəaliyyətinə təsirin dərəcəsi ilkin olaraq dəyərləndirilir. Çünki, vergi tətbiq edilərkən vergi ödənişini həyata keçirən ilk şəxslərdən biri, bəlkə də birincisi məhz sahibkarlar olur. Ona görə də vergiqoyma siyasəti ilə sahibkar mənafeyi arasında əlaqəni anlamaq gərəkir. İlk növbədə ölkəmizdə vergiqoyma siyasətinin həyata keçirilməsinin hansı məsələlərə söykənməsini araşdırmaq lazımdır. Vergiqoyma siyasətinin ən mühüm prinsiplərindən biri ölkədə makroiqtisadi göstəricilərin nəzərə alınması və gəlir həcminin müəyyən edilməsindən ibarətdir.

Bəs vergiqoyma siyasəti tətbiq edilərkən sahibkarların maliyyə vəziyyəti və onların ödəmə qabiliyyəti araşdırılırmı?

Bu suala cavab tapmaq özlüyündə çox çətin bir məsələdir. Çünki, vergi qanunvericiliyinin tətbiq etdiyi kvotalar üzrə sahibkarların il ərzində vergi ödənilməməsinə görə cərimələnməsinin şahidi oluruq. Təbii ki, vergi ödənişindən yayınma hallarına o halda sahibkar yol verir ki, artıq onun ödəmə qabiliyyəti sıfıra enmişdir. Faktiki olaraq bir sahibkar (o cümlədən əsas vergi ödəyicisi) artıq sahibkar statusundan məhrum olunmağa təhrik edilir. İlk növbədə ölkə əhalisinin və xüsusilə də əsas vergi ödəyicisi hesab edilən sahibkarların vergi ödəmə mədəniyyətinin formalaşdırılması vacibdir. Bəs bu mədəniyyət vergi ödənişi çox olduğu halda necə formalaşa bilər? Yəni, sahibkarın üzərində vergiqoyulması vəzifəsinin olması və bu vəzifənin onun götürdüyü yükə nisbətinin müəyyən edilməsi praktiki cəhətdən vacibdir. İlk növbədə vergi qanunvericiliyində sahibkar statuslu şəxsin ödədiyi vergilərə nəzər salaq. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ƏDV (əlavə dəyər vergisi) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Göründüyü kimi, il ərzində vergi tutulan əməliyatların həcmi 120 000 manatdan çox olduqda artıq sahibkar statuslu şəxs ƏDV ödəyicisinə çevrilir. ƏDV isə qanunvericiliyə əsasən 18% müəyyən edilmişdir.

Bəs niyə sahibkarlar öz üzərinə düşən vəzifələri (qanunla müəyyən edilmiş vergiləri ödəmək) icra etməkdən boyun qaçırırlar?

Məsələnin kökünü araşdırarkən məlum olur ki, vergiqoyma siyasəti tətbiq edilərkən sahibkar mənafeyi və ödəmə qabiliyyəti ətraflı araşdırılmır. Çünki, bu tip araşdırma aparılsa idi, ölkədə sahibkarlarla vergiqoyma siyasətini tətbiq edən vergi orqanları daha dəqiq desək, vergi nəzarətini həyata keçirən şəxslər arasında məhkəmə mübahisələrinin sayı çox olmazdı.

Hamıya məlumdur ki, dövlət büdcəsinin əsas pul axını büdcəyə ödənilən vergilərdir. Bu cür ödəmələr də əsasən sahibkarlar tərəfindən ödənilmiş pullar hesabına formalaşır. Demək ki, artıq daha yüksək vergi əməliyyatları həcmi olan sahibkarlara diqqət aşılanmalıdır. Xüsusilə də, xırda və orta sahibkarlıqla məşğul olan şəxslərə dövlətin diqqəti artmalıdır. Çünki, ölkədə bu tip sahibkarların sayının çox olması həm dövlət büdcəsinin kəsrinin azalmasına, eləcə də əhalinin rifah halının yüksəlməsinə gətirib çıxaracaqdır. Bildiyimiz kimi, Sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən Bakı şəhəri üzrə 4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında isə 2% təşkil edir. Bu məsələnin bü cür tənzimlənməsini vergi qanunvericiliyinin təqdirəlayiq halı hesab etmək olar.

Bəs niyə bu tip tənzimlənmə ƏDV ödəyicisi hesab edilən sahibkarlıq fəaliyyəti məşğul olan şəxslərə şamil olunmur?

Sözügedən məsələnin mənfi və müsbət cəhətlərini araşdıraq. İlk öncə mənfi cəhətini aydınlaşdıraq. Hamıya məlumdur ki, Bakı şəhərində yaşayan əhalinin həyat səviyyəsi digər rayon və şəhərlərdə olan həyat saviyyəsindən aşağıdır. Bü cür olan halda eyni vergi dərəcəsini ödəyən şəxsin gedib digər rayon və şəhərlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması məntiqsiz olardı. Buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti məhz Bakı ərazisində fəaliyyət göstərir. Çünki, digər şəhər və rayonlarda fəaliyyət göstərməsi və son olaraq Bakı ərazisində tətbiq edilən vergini ödəməsi sahibkarın sahibkarlıq faəliyyətinə öz mənfi təsirini göstərir və o daha çox gəlir əldə etmək məqsədilə Bakıya üz tutur. Məsələnin müsbət cəhətləri isə kifayət qədər çoxdur. Bilirik ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində bəzi işlər görülüb. Hətta sahibkarlıqla məşğul olan şəxslərə il ərzində aşağı faizli kreditlərin verilməsi dövlətin sahibkarlığa öz diqqətinin təcəssümüdür. Belə bir diqqətin məhz vergi ödənilməsi istiqamətinə yönəldilməsi bir çox məsələlərin həllinə yol açmış olar. Ən əsası əhalinin rifah səviyyəsi yüksələr, ölkədə makroiqtisadi göstəricilər qənəatbəxş hesab olunar və dövlət büdcəsinə pul axınını sabitləşdirmək olar. Son olaraq büdcədə kəsrin azalmasına öz müsbət təsirini göstərər.

Fikrimi bununla bitirmək istərdim ki, dövlət orqanlarının əsas məqsədi verginin sahibkarlıq fəaliyyəti məşğul olan şəxslərdən daha çox toplanması deyil, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq, tərəfdaşlıq və etibarlılıq əsaslarında qurulmasıdır. Çünki vətəndaşın dövlətə olan sevgisi məhz bu əsaslarda qurulan münasibətlər üzərindədir.

Araz Nurməmmədov

305 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply